Azərbaycan, Bakı, 27 may /Trend/
29-31 may tarixlərində Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Riyaziyyat və informatikanın aktual problemləri" adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə daxil olan məlumatda deyilir.
2013-cü ilin "İnformasiya-kommunikaisya texnologiyaları ili "elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq təşkil edilən konfransın açılışı "Kempinski Hotel Badamdar"da mayın 29-da saat 11:00-da baş tutacaq. Konfransın işi "Riyaziyyat" və "İnformatika" bölmələri üzrə təşkil ediləcək. Bölmə iclaslarında "Riyaziyyat" üzrə "Funksional analiz", "Operatorlarin spektral nəzəriyyəsi", "Approksimasiya nəzəriyyəsi", "Diferensial tənliklər", "Harmonik analiz və funksiyalar nəzəriyyəsi", "Qeyri-səlis nəzəriyyə", "Ehtimal nəzəriyyəsi və riyazi statistika", "İdarəetmıə nəzəriyyəsi" müzakirə ediləcək. "İnformatika" bölməsi üzrə mövzulara isə "Süni neyron şəbəkələr, Qeyri-səlis sistemlər", "Kompyuter şəbəkələri və sistemləri", "Qərar qəbuletmə sistemləri", "Obrazların tanınması", "Təbii dillərdə yazılmış mətnlərin işlənməsi", "Proqram təminatının hazırlanması", "İnternet Proqramları və Veb-xidmət", "İnformasiya təhlükəsizliyi", "İnformasiya texnologiyaları və kompyuter təhsili" və "Nanotexnologiya" daxildir.
Rəsmi işçi dillərinə Azərbaycan, ingilis və rus dilləri daxil olan konfransda plenar çıxışlar - 30 dəqiqə və seksiyalarda məruzələr - 15 dəqiqə nəzərdə tutulur.
Ətraflı məlumatı www.apmi2013.azjm.org saytından əldə etmək mümkündür.