...

Azərbaycan və Serbiya İKT sahəsində birgə işçi qrupu yaradacaq

Telekommunikasiya Materials 28 Sentyabr 2015 18:10 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 4-cü iclası çərçivəsində ölkəmizdə səfərdə olan Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan və Serbiya İKT sahəsində birgə işçi qrupu yaradacaq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 4-cü iclası çərçivəsində ölkəmizdə səfərdə olan Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan və Serbiya arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə söykənən əlaqələrin inkişafında rabitə, İKT və telekommunikasiya sahəsinin də xüsusi yeri olduğunu qeyd edib. Münasibətlərdəki irəliləyişlər və qazanılan uğurlara baxmayaraq, bu sahədə qurulan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdıran nazir mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın dinamik inkişafında əhəmiyyətli olacağını vurğulayıb.

Ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən R.Lyayiç də İKT və yüksək texnologiyalar sahəsində münasibətlərin daha da dərinləşdirilməsi və inkişafı üçün qarşılıqlı istəyin olduğunu, eyni zamanda keçirilən görüşlər sayəsində əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. İnformasiya-kommunikasiya texnologiyalarının Hökumətlərarası Komissiyanın 4-cü iclasında əsas müzakirə mövzularından biri olduğunu da xatırladan serbiyalı nazir bu sahənin gələcək inkişafı ilə bağlı fikirlərini də paylaşıb.

Daha sonra görüşdə İKT və yüksək texnologiyalar sahəsi üzrə işçi qrupunun yaradılması və bu işçi qrupu çərçivəsində ilkin müzakirələrin Belqradda keçirilməsi, 2-5 dekabr tarixlərində keçiriləcək 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları ("Bakutel 2015") sərgi və konfransı çərçivəsində isə müzakirələrin Bakıda davam etdirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti