...

Azərbaycan Poçt Əməliyyatları Şurasına üzv seçilib (FOTO)

Telekommunikasiya Materials 7 Oktyabr 2016 18:30 (UTC +04:00)
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyədə keçirilən 26-cı Konqresi sona çatıb.
Azərbaycan Poçt Əməliyyatları Şurasına üzv seçilib (FOTO)

Bakı. Trend:

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyədə keçirilən 26-cı Konqresi sona çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.

Konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına Azərbaycanın da namizədliyi verilib və ölkəmiz şuraya üzv seçilib.

Eyni zamanda Konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.

R.Quluzadə nazirlər konfransının “Ticarətin təşviqində poçtun rolu” mövzusunda sessiyada çıxış edərək Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı rellaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Nazirlər konfrası çərçivəsində Ramin Quluzadə ilə Türkiyə Ümumdünya Poçt İttifaqının Baş direktoru Bişar Hüseyn, Türkiyə nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə telekommuikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, genişzolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadilərsi aparılıb.

Azərbaycan nümayəndə heyəti tərəfindən Ümumdünya Poçt İttifaqının İstanbul (2016) Konqresində Azərbaycan adından bəyanat verilib. Bəyanat İttifaqın Baş Katibi Bişar A.Huseyn tərəfindən təsdiq olunan “Aktların imzası üzrə bəyannamələr” rəsmi sənədinə daxil edilib.

Bəyanatda deyilir ki, Azərbaycan Ümumdünya Poçt İttifaqının tam hüquqlu üzv-ölkələrindən biridir və beynəlxalq səviyyədə tanınmış ölkə ərazisində Ümumdünya Poçt Konvensiyası və digər beynəlxalq hüquqi Aktlar çərçivəsində poçt xidmətlərini həyata keçirmək hüququna malikdir:

"Lakin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-i, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 inzibati rayon Ermənistan tərəfindən işğal edilib. Nəticədə işğal altındakı ərazidə poçt xidmətlərinin göstərilməsində çətinliklər yaranıb.

Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz erməni işğalçı qüvvələrindən azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (30 aprel, 1993), 853 (29 iyun, 1993), 874 (14 oktyabr, 1993) və 884 (12 noyabr, 1993) saylı qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməmiş qalır.

İşğal nəticəsində Azərbaycanın iqtisadiyyatına, o cümlədən poçt sahəsinə külli miqdarda ziyan dəyib. Bununla əlaqədar Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrupu tərəfindən hesablamalar aparılır.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsinə dair 8-ci maddənin müddəalarını yerinə yetirmək mümkün olmur və həmin ərazilərdə yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan qanunsuz rejim adından poçt markalarının buraxılması, həmçinin Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 23-cü maddəsinə zidd olaraq qanunsuz poçt əməliyyatlarının həyata keçirilməsi halları davam edir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası bir daha bəyan edir ki, Azərbaycan Respublikasının Hökuməti Ümumdünya Poçt İttifaqının müvafiq qaydaları əsasında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazisində, o cümlədən işğal altındakı ərazilərdə belə, poçt markalarının dövriyyəyə buraxılması, poçt əməliyyatlarının həyata keçirilməsi üçün yeganə qanuni strukturdur. Azərbaycan Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərdə hər hansı poçt əməliyyatları həyata keçirilə bilməz və belə hallar Azərbaycanın milli qanunvericiliyinə, eləcə də bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına ziddir və heç bir hüquqi qüvvəyə malik deyil.

Təəssüflə bildiririk ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsi həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək mümkün deyil.

Azərbaycan Respublikası “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarından irəli gələn hüquq və öhdəlikləri Ermənistana münasibətdə tətbiq etməmək hüququnu özündə saxlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti