Bakı. Trend:
“Microsoft” şirkəti tərəfindən keçirilmiş beynəlxalq tədqiqat göstərib ki, internet istifadəçiləri onlayn-ünsiyyətin xarakterindən və bu vəziyyətin gələcəkdə daha da pisləşəcəyindən narahatdırlar.
Şirkətdən Trend-ə verilən məlumata görə, tədqiqatın məqsədi yeniyetmə (13-17 yaş) və böyüklərin (18-74 yaş) internetdə mədəniyyətin səviyyəsi barədə fikirlərini öyrənməkdən ibarət olub.
Sorğuda 14 ölkənin vətəndaşları iştirak edib: Avstraliya, Belçika, Braziliya, Çili, Çin, Fransa, Almaniya, Hindistan, Meksika, Rusiya, CAR, Türkiyə, Böyük Britaniya və ABŞ.
Sorğunun nəticələrinə əsasən, onlayn-ünsiyyət zamanı istifadəçilər internetdə əsas 5 risklə üzləşirlər: arzuolunmaz kontent, nəzakətsiz davranış, iztehza, seksual xarakterli iyrənc ismarıcların alınması, təhqir. Hər iki istifadəçidən biri etiraf edib ki, ən azı bu risklərdən biri ilə qarşılaşıb. Respondentlərin 78%-i təsdiq edib ki, onların yaxınları və dostları risklərə məruz qalıb. 50%-i isə internetdə təhdidlərlə bağlı vəziyyətdən narahat olduqlarını bildirib. Sorğu iştirakçılarının 61%-i qeyd edib ki, internetdə xuliqanlıqdan zərərçəkmişlərin harada yardım ala biləcəklərindən bixəbərdirlər.
Tədqiqat rəqəmsal mədəniyyət indeksinin hesablanmasının əsasını təşkil edib ki, bu da müəyyən ölkədə istifadəçilərin internetdə risklərə məruzqalma dərəcəsini və təhlükəsizlik səviyyəsini qiymətləndirməyə imkan yaradır. Tədqiqatda iştirak edən ölkələrdə ümumi rəqəmsal mədəniyyət indeksinin göstəricisi 65% təşkil edib. Soruğunu nəticələrinə əsasən, hər bir internet istifadəçisi tədqiqata daxil edilmiş 17 tip riskdən orta hesabla 2,2-i ilə qarşılaşır. Ən aşağı indekslər (rəqəmsal mədəniyyətin ən yüksək səviyyəsi) Böyük Btitaniya (45%), Avstraliya (51%) və ABŞ-da (55%) qeydə alınıb. CAR (78%), Meksika (76%) və Rusiya (74%) siyahının sonunda yer alıb. Rəqəmsal mədəniyyət indeksi “Microsoft”un ilk növbədə əxlaq komponentinə arxalanan kompüter təhlükəsizliyi indeksinə əsaslanır (2010-cü ildən 2013-cü ilədək hesablanıb).
“Microsoft”un onlayn-təhlükəsizlik üzrə şöbəsinin rəhbəri Jaklin Boşer bildirib: “Rəqəmsal mədəniyyət indeksi qolfda xalların hesablanması prinsipi əsasında hesablanır: göstərici aşağı olduqca (0-dan 100-dək), respondentlər üçün riskin səviyyəsi də aşağı, müxtəlif ölkələrin internet istifadəçilərinin qiymətləndirilməsinə görə isə rəqəmsal mədəniyyət səviyyəsi daha yuxarı olur. İnternetdə ünsiyyət normasını insanlar özləri müəyyən edir: nəzakət, qasrşılıqlı hörmət, dərdə şərik olmaq – bunlar sivil kommunikasiyanın qəbul olunmuş prinsipləridir. İnternet təhsil, oyun, ideya və faydalı məlumatlar mübadiləsi, bütün dünyada insanların effektiv ünsiyyəti üçün təhlükəsiz bir məkana çevrilməlidir”.
Onlayn-ünsiyyətdə etiket normalarına riayət etməyin vacibliyini vurğulamaq məqsədilə “Microsoft” şirkəti “Digital Civility Challenge” təşəbbüsünə start verib. Bu təşəbbüs internetdə davranışın əsas dörd prinsipinə əsaslanmağa və sosial şəbəkələrdə #Challenge4Civility və #Im4DigitalCivility heşteqlərindən istifadə edərək sözügedən prinsiplərlə bölüşməyə çağırır.
Digər internet istifadəçilərinə hörmət və ləyaqətlə yanaşmaq. Şəfqət, mərhəmət və nəzakət göstərmək.
Mədəni təfavüt və hər bir istifadəçinin fikrinə hörmətlə yanaşmaq. Münaqişə vəziyyəti yarandığı halda opponentin cavablarına anlaşma ilə yanaşmaq, şəxsi təhqirlərə yol verməmək.
Razılaşmadığınız şərhə cavab yazmamışdan öncə əsaslı şəkildə düşünmək. Digər istifadəçinin adını ləkələyəcək, özünün və ya ətrafdakıların təhlükəsizliyini təhdidi edə biləcək məlumatlar paylaşmamaq.
İnternet-risklərlə qarşılaşdığınız zaman yardım üçün müraciət etmək, mənfi təsir və kobudluğun qurbanına çevrilmiş istifadəçilərə dəstək olmaq, onları təhdid edən təhlükə barədə xəbər vermək və ləyaqətsiz və təhlükəsiz davranışlar üzrə sübutları saxlamaq.
“Microsoft”un bu təşəbbüsünün məqsədi onlayn-ünsiyyət etiketinin cəmiyyətin həyatına təsirinin müzakirələrinə təkan verməkdən, internetdə mədəniyyət səviyyəsini artırmaqdan və kommunikasiyanın təhlükəsizliyini təmin etməkdən ibarətdir.
“Microsoft”un keçirdiyi tədqiqat barədə ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar: http://bit.ly/2kYtD3k.