...

“İnnovasiya həftəsi” çərçivəsində “Hackathon”a start verilib

Telekommunikasiya Materials 29 Oktyabr 2018 19:24 (UTC +04:00)
“AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsinə bu gün start verilib.
“İnnovasiya həftəsi” çərçivəsində “Hackathon”a start verilib

Bakı. Trend:

Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsinə bu gün start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 29-30 oktyabr tarixlərində Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən sözügedən tədbir “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edir.

Müsabiqə üç mərhələdən ibarətdir. “Hackathon”-un birinci mərhələsi “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayıb. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, 30 oktyabrda keçiriləcək üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək.

Proqramçıların iki gün ardıcıl davam edən bu yarışında qalib gələn iştirakçılara “AzInTelecom” MMC və müsabiqənin sponsorları tərəfindən mükafatlar təqdim olunacaq. Birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində pul mükafatına layiq görüləcək.

Məlumat üçün bildirək ki, təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınacaq.

Qeyd edək ki, “Azercell”, “Risk”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018" bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün imkanlar yaradır.

Xatırladaq ki, “Hackathon” ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.

Layihə haqqında ətraflı məlumat əldə etmək istəyənlər hackathon.azintelecom.az ünvanından istifadə edə bilərlər.

Müştərilərə öz əsas işləri ilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər.
Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkə-daxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

İnfrastruktur (IaaS) və bulud xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və bulud xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.

Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

AzInTelecom və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az və www.datamerkezi.az veb-saytlarından istifadə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti