...

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib (FOTO)

Telekommunikasiya Materials 12 Mart 2019 15:27 (UTC +04:00)

Bakı. Trend:

11-15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı tədbir keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə dövlət və biznes strukturlarının, təşkilatların, eləcə də, fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat verilib.

Həmçinin, “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir zamanı qonaqlara kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun həlləri də nümayiş etdirilib.

Bu həllərin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir. Təqdim edilən məhsullardan biri də buludda tez və asan – Rezervlənmə xidmətidir. Belə ki, məlumat və bulud infrastrukturunun daimi rezervlənməsi məlumat itkisi baş verən zaman onun tez bir zamanda bərpasını təmin edir və müştəri üçün mühüm olan məlumatın qorunub saxlanılmasını asanlaşdırır.

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi”nin əsas məqsədi Azərbaycanda informasiya cəmiyyətinin inkişafı və milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsidir. Bunlarla yanaşı, bu sahədə aparılan islahatlar dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Həmçinin, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində bilik və təcrübə mübadiləsi nəzərdə tutulur.

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən bulud xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili
Data Mərkəzinin nəzdində “AzCloud” bulud infrastrukturu (IaaS), proqram təminatı xidmətləri (SaaS) və bulud əsaslı xidmətlər
Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması

Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

Bulud xidmətləri – ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan “AzCloud” bulud provayderi yerli və beynəlxalq qurumlara infrastruktur, proqram təminatı və bulud xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə, kompleks təhlükəsizlik həlləri və digər) göstərir.

Sertifikatlaşdırma xidmətləri – Telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

“AzInTelecom” və onun xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az və www.azcloud.az veb-saytlarından istifadə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti