Bakı. Trend:
2022-ci ilin mayında TEKNOFEST Beynəlxalq Aviasiya, Kosmos və Texnologiya Festivalının bəzi yarışlarında Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri iştirak edəcək.
Bunu Trend-ə təhsil kompleksinin STEAM Mərkəzinin rəhbəri Ələsgər Əsədov deyib.
Onun sözlərinə görə, Təhsil kompleksi “Baku Skills” kateqoriyası üzrə 4, “Green Tech” kateqoriyası üzrə isə 2 komanda ilə lahiyələrini təqdim etməyi planlaşdırır.
"GreenTech” üzrə komandalarımız 2 fərqli mövzu üzrə probləmlərə müasir yanaşma metodlarını seçmişlər. Şagirdlərimizin lahiyələrindən biri daimi külək əsən nöqtələrdən alternativ enerji mənbəyi əldə etməkdir. Məktəb dərsləri ilə yanaşı, şagirdlərimiz Mərkəzə gələrək komanda şəklində müxtəlif iş bölgüləri ilə lahiyənin prototipini hazırlayırlar. Hazırlıq mərhələsi, demək olar, hər gün davamlı şəkildə keçirilir. Gördükləri iş nə qədər çətin və gərgin olsa da, o qədər də əyləncəli və məqsədyönlü olduğundan şagirdlərimiz ümid edirik ki, yorulmurlar. gFUTURE adı ilə seçilən komanda lahiyələrinin gələcəkdə,həqiqətən də, işıq üzü görəcəyinə çox inanırlar", - deyə o bildirib.
Eyni zamanda, “Baku skills” üzrə də bir neçə komandamız final mərhələsinə hazırlaşır.
"Öncəki mərhələdə verilən tapşırıq modeli çap etmək idisə, bu mərhələdə şagirdlərimiz hərəkətli modellər hazırlayıblar. Yəni prototipin hər hansı hissə və yaxud hissələri müxtəlif üsullarla hərəkət edir. Məsələn, avtomobil təkəri, protez əl və s.", - Ə.Əsədov deyib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.