...

Xəzər Dəniz Gəmiçiliyi informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Telekommunikasiya Materials 28 Noyabr 2022 11:08 (UTC +04:00)
Xəzər Dəniz Gəmiçiliyi informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət təşkilatlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) informasiya sistemlərinin qismən “Hökumət buludu”na köçürülməsi çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib.

Cəmiyyət İT resurslarını “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Həmçinin Azərbaycan Xəzər Dəniz Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a service) bulud xidmətindən yararlanır.

Bunlardan əlavə, ASCO-nun Rezervləmə (BaaS – Backup as a service) bulud xidmətindən daha keyfiyyətli formada faydalanması üçün qarşılıqlı razılaşma əsasında transmissiya xidməti həyata keçirilib. Cəmiyyətin İT infrastrukturunun yerləşdiyi inzibati ofislə “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi arasında transmissiya xətti çəkilib. Bununla da Rezervləmə xidməti zamanı məlumatların ötürülməsinin sürətliliyi, təhlükəsizliyi daha üstün səviyyədə təmin edilib.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti