...

"Baktelecom" Suraxanı və Sabunçu rayonlarında genişzolaqlı xidmətlər təqdim etməyə başlayıb (FOTO)

Telekommunikasiya Materials 9 Dekabr 2022 17:58 (UTC +04:00)
"Baktelecom" Suraxanı və Sabunçu rayonlarında genişzolaqlı xidmətlər təqdim etməyə başlayıb (FOTO)

Bakı. Trend:

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 14 iyul, 3-cü köndələn, 4-cü köndələn və “Zeytun sovxozu” küçələrində, Sabunçu rayonunun Ramana qəsəbəsinin Şuşa köçkün şəhərciyi, Hövsan qəsəbəsinin “Quşçuluq sovxozu” və “Zeytunluq sovxozu” yaşayış massivləri üzrə sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində 1025 ev təsərrüfatı yüksək sürətli internetlə (60%) əhatə edilib.

Bundan əlavə, Sabunçu rayonunun Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində 8896 abunəlik şəbəkə tikilib. Hazırda 2105 abunəçi internet xidmətindən istifadə edir. Ərazinin 75%-lik hissəsində GPON texnologiyası əsasında kabelləşmə işləri aparılıb.

Suraxanı və Sabunçu rayonlarında aparılan tikinti işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Yeni fiber-optik GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri və digər xidmətlər təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

  • İnternet
  • internet+telefoniya
  • internet+televiziya
  • internet+telefoniya+televiziya paketi (3-ü birində)

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 56 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Bakı Telefon Rabitəsi” MMC-nin “155” Çağrı mərkəzinə zəng edə, 4 Saylı Rabitə Xidmətləri Mərkəzinə (ünvan: Sabunçu rayonu Bakıxanov qəsəbəsi, R.Axundov 16; əlaqə nömrəsi: (012) 428-81-01) müraciət edə, həmçinin www.baktelecom.az saytı vasitəsilə müraciət göndərə bilərlər.

Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti