...

Azercell yeni Q-SMS xidmətini təqdim edib

Telekommunikasiya Materials 5 Dekabr 2006 17:23 (UTC +04:00)

Azərbaycanın mobil operatoru - Azercell Telecom birgə müəssisəsi daha bir yeni xidmət - Q-SMS xidmətini abunəçilərin istifadəsinə verib. Yeni xidmət Xidmət Mərkəzinə (Front Office) müraciət etmək istəyən abunəçilər üçün nəzərdə tutulub və abunəçilərin rahatlığı və vaxta qənaət etməsinə xidmət edir.

Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, Q-SMS-in vəzifəsi Xidmət Mərkəzinə (Front Office) müraciət etmək istəyənləri virtual qeydə alaraq, onları şifrə ilə təmin etmək, həmçinin ofisin ünvanı və iş saatı haqqında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində məlumatlandırmaqdır.

"Q-SMS"-dən yararlanmaq istəyən abunəçi Xidmət Mərkəzinə getməzdən əvvəl sadəcə 6564 qısa nömrəsinə boş mesajla sorğu göndərməli olacaq. Cavab mesajında ona şifrə göndəriləcək və o, Xidmət Mərkəzinə gələrkən Q-matik aparatından istifadə edərək həmin nömrəni daxil edib, sırada durmadan qəbul ediləcək.

Qeyd edək ki, yeni xidmətdən istifadə edən abunəçilər üçün xüsusi sıra nömrələri olacaq.

Yeni xidmətdən hələlik B. Bağırova küçəsi 2 ünvanında yerləşən Xidmət Mərkəzinə yaxınlaşan abunəçilər istifadə edə biləcək. Adıçəkilən baş ofis hər gün saat 09:00-dan 20:00-a kimi işləyir. Saat 20.00-dan sonra sorğu göndərən abunəçilər isə ertəsi gün qəbul olunacaq ki, bu haqda da, o, mesaj vasitəsilə ofisin ünvanı və iş saatı göstərilmək şərti ilə məlumatlandırılacaq.

Bir sorğu mesajının qiyməti Azercell abunəçiləri üçün 40 qəpik (ƏDI-siz), SimSim, GəncSim və Bizdən Bizə abunəçiləri üçün isə - 100 konturdur.

Xəbər lenti

Xəbər lenti