Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanın turizm potensialı Asiyada tematik sərgilərdə təqdim olunacaq.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
N.Bağırovun sözlərinə görə, hazırda assosiasiya Dövlət Turizm Agentliyi ilə birgə Pakistan və Sinqapurda iki sərgidə iştirak etməyə hazırlaşır:
"Oktyabrın 2-4-də Pakistanda turizm sərgisində, daha sonra oktyabrın 17-19-da Sinqapurda sərgidə birgə iştirak edəcəyik. Fikrimcə, bu sərgilərdə iştirak Asiya ölkələrinin Azərbaycana diqqətini artırmağa imkan verəcək".
Assosiasiya sədri qeyd edib ki, hazırda Azərbaycanın turizm potensialının təşviq olunması üzrə böyük iş aparılır:
"Ofislərimiz müxtəlif ölkələrdə aktiv fəaliyyət göstərir. Bundan başqa, bu işə Dövlət Turizm Agentliyi fəal şəkildə qoşulub və həm bizimlə birgə, həm də özləri Azərbaycanın turizm istiqaməti kimi populyarlaşması üçün böyük iş aparır".
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,5 faizi Rusiya, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10 faizi İran, 3,5 faizi BƏƏ, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları olub.