...

Türkiyə hakimiyyəti aprelə qədər Ankara-Yerevan protokollarını təsdiq etməyə çalışacaq - deputat Canan Arıtman

Nəzər nöqtəsi Materials 9 Fevral 2010 09:00 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Canan Arıtman hesab edir ki, ölkə hakimiyyəti aprel ayına qədər Ankara-Yerevan protokollarını təsdiq etməyə çalışacaq.
Türkiyə hakimiyyəti aprelə qədər Ankara-Yerevan protokollarını təsdiq etməyə çalışacaq - deputat Canan Arıtman

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisinin (TBBM) Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Canan Arıtman hesab edir ki, ölkə hakimiyyəti aprel ayına qədər Ankara-Yerevan protokollarını təsdiq etməyə çalışacaq.

"Türkiyə hakimiyyəti ABŞ-ın təzyiqini bəhanə edərək, aprel ayına qədər Ankara-Yerevan protokollarını təsdiq etməyə çalışacaq", - bazar ertəsi Arıtman Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qondarma "erməni soyqırımı" ilə bağlı qanunun ABŞ Dövlət Konqresinin Xarici Əlaqələr Komissiyasının sədri Hovard Berman tərəfindən martın 4-də müzakirəyə çıxarılacağının təsadüfi olmadığını bildirib. Davudoğlu bunun Ermənistan tərəfindən planlaşdırıldığını qeyd edərək, Türkiyəyə təzyiq kimi istifadə edildiyini bildirib. Davudoğlu onu da qeyd edib ki, nədənsə, avqust ayında Ankara tərəfindən protokolların imzalanacağı elan ediləndə, Türkiyəyə qarşı heç bir təzyiq yox idi. Onun sözlərinə görə, 24 aprel öncəsi kimlərsə Ankaranı etmədiklərinə (erməni soyqırımına) inandırmağa çalışır. Davudoğlu onu da əlavə edib ki, saxta soyqırım haqqında qanunun gündəmə gəlməsi nə ABŞ-ın, nə Ermənistanın, nə də Türkiyənin lehinədir.

Arıtman hesab edir ki, Davudoğlunun ABŞ Konqresi haqqında söylədikləri bəhanədən başqa bir şey deyil və hakimiyyət bu bəhanədən istifadə edir.

O hesab edir ki, rəsmi Ankaranın ABŞ-ın saxta soyqırımı qəbul etməsindən ehtiyatlanması əsassızdır.

"Türkiyə heç bir zaman belə bir şey etməyib, "soyqırım" faktını sübüt edəcək heç bir rəsmi sənəd yoxdur və Türkiyənin ABŞ tərəfindən belə bir qanunun qəbul edilməsindən ehtiyatlanması əsassızdır", - o qeyd edib.

Arıtman onu da qeyd edib ki, Türkiyə Ermənistandan fərqli olaraq, protokollarla bağlı öz mövqeyini bu vaxta qədər bildirməyib.

"Ermənistan Konstitusiya Məhkəməsinin protokollara dəyişiklik etməsinə baxmayaraq, Ankara hələ də protokolların təsdiq ediləcəyi ümidi ilə yaşayır", - o deyib.

Onun sözlərinə görə, AKP-nin Ankara-Yerevan protokollarını təsdiq etmə cəhdi "fiaskoya" uğrayacaq.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Ermənistanın Konstitusiya Məhkəməsi bu il yanvarın 12-də 2009-cu il oktyabrın 10-u Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol") əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.

Ermənistanın Konstitusiya Məhkəməsi protokolları qəbul etdikdən sonra Osmanlı İmperiyası zamanı 1915-ci il hadisələrini araşıdıracaq ortaq komissiyaya ehtiyac olmadığını və Ermənistanın "soyqırım"ın qəbul edilməsi tələbindən heç vaxt əl çəkməyəcəyini bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, əgər Ermənistan Konstitusiya Məhkəməsi iki ölkə arasındakı protokollar üzrə öz qərarına yenidən baxmasa, bu zaman Ankara və Yerevan arasındakı diplomatik əlaqələrin pozula biləcəyi barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti