Cənubi Osetiya və Abxaziyanın tanınması məsələsi Gürcüstan prezidenti Mixail Saakaşvilinin gələcək fəaliyyətindən asılı olacaq. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov jurnalistlərin Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı suallarını cavablandırarkən bildirib.
"Saakaşvili hadislərin gələcək inkişafına görə məsuliyyət daşıyır", - deyə Lavrov bildirib.
O, əlavə edib ki, Rusiya Medvedyev və Sarkozinin razılaşma planını tam yerinə yetirir və artıq cümə günü münaqişə zonasında bütün sülhməramlı postları təchiz ediləcək, burada təqribən 500 mavi dəbilqəli qalacaq.
Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü ordusu Tsxinvaliyə daxil olub. Daha sonra rus qoşunları şəhəri ələ keçirərək, gürcü hərbçilərini Gürcüstan ərazisinə tərəf sıxışdırıblar.
Avqustun 12-də RF-nin prezidenti Dmitri Medvedyev bildirib ki, o, Gürcüstanı sülhə məcbur etmək üzrə əməliyyatın başa çatdırılması haqqında qərar qəbul edib.