...

Rusiya Bakı-Tbilisi-Ceyhan borusuna zərər yetirməyə cəhd göstərmirdi - Metyu Brayza

Dünya xəbərləri Materials 25 Avqust 2008 01:25 (UTC +04:00)
Rusiya Bakı-Tbilisi-Ceyhan borusuna zərər yetirməyə cəhd göstərmirdi - Metyu Brayza

Rusiya Bakı-Tbilisi-Ceyhan borusuna zərər yetirməyi qarşısına məqsəd qoymayıb. Bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib ( İnterfaks ). "Əgər Rusiya neft kəmərini dağıtmaq istəsəydi, o bunu edərdi", - deyə Brayza şənbə günü "Exo Moskvı" radiosunun efirində deyib.

O etiraf edib ki, Gürcüstan ərazisində Rusiya elektron KİV-lərinin yayımının dayandırılması demokratiyanın baza prinsiplərinə uyğun addım deyil. Brayza qeyd edib ki, Saakaşvilinin internetə çıxışın qarşısını almaqla və kanalları söndürməklə hansı məqsədləri güddüyünü bilmir.

Digər tərəfdən ABŞ diplomatı Rusiya qoşunlarının Gürcüstandakı mövcudluğunu qeyri-qanuni adlandırıb. Bununla belə, o rəsmi Tiflisin nəzarət etdiyi ərazini yaxud da Cənubi Osetiya ilə Abxaziyanı nəzərdə tutduğunu dəqiqləşdirməyib. "Gürcüstanda baş verənlər, yəni hərbi və mülki infrastrukturun dağıdılması, bir sözlə rus qoşunlarının etdikləri bütün beynəlxalq anlaşmalara ziddir. Bu mənada rus qoşunlarının Gürcüstanda mövcüdluğu qeyri-qanunidir" - deyə o vurğulayıb.

Brayza həmçinin bildirib ki, rusiyalı sülhməramlılar daha gürcü-osetin münaqişəsi zonasında əvvəlki statusda qala bilməzlər. "Onlar münaqişə tərəfləri olduğu halda necə sülhməramlılar adlana bilərlər? Sual elə bundadır. Mən bilmirəm rus sülhməramlılarını kim əvəzləməlidir. Lakin düşünürəm ki, onlar artıq bu statusda orada qala bilməzlər".

Brayza həmçinin Cənubi Osetiyada baş verənləri genosid adlandırmamağa çağırıb. "Human Rights Watch təşkilatından soruşmaq lazımdır ki, onlarda bu cür məlumatlar haradandır. Nəyə görə onlar etnik təmizləmələr terminindən istifadə edirlər. Bu cür bəyanatlara məsuliyyətlə yanaşmaq lazımdır", - deyə o bildirib.

Brayza eyni zamanda son hadisələrdə Gürcüstanın tezliklə NATO-ya qəbul ediləcəyini gördüyünü vurğulayıb. "Gürcüstan NATO-ya qəbul olunmaq cəhdlərini sürətləndirəcək. Rusiya məhz indi nümayiş etdirdi ki, Gürcüstana bu, nə üçün lazımdır" ї deyən diplomat əlavə edib ki, ABŞ Gürcüstanla Ukraynanın alyansa qəbuluna yardım göstərəcək.

Digər tərəfdən Brayza hesab edir ki, Ümumdünya Ticarət Təşkilatı gürcü-osetin münaqişəsi zonasında baş verənlərə görə Rusiyanın quruma qəbulunu ləngidəcək.

Xəbər lenti

Xəbər lenti