İran çərşənbə axşamı öz raket daşıyıcısının köməkliyi ilə "Omid" (Ümid) - ilk milli peykini orbitə buraxıb. Bu barədə İran televiziyası məlumat verib.
Peykin buraxılışı 1979-cu ildə İranda baş verən İslam İnqilabının 30 illiyinə həsr olunub. Buraxılış haqqında sərəncamı şəxsən İran prezidenti Mahmud Əhmədinejad verib.
Tədqiqat məlumatlarının toplanılması və Yerin ilk milli süni peykinin orbitə buraxılmasını nəzərdə tutan "Kaveşqər-1" raketinin ilk sınaq buraxılışını İran 2008-ci il fevralın 4-də reallaşdırıb. Elə həmin gün kosmosda elmi-tədqiqat məqsədləri üçün nəzərdə tutulan və aşağı yerətrafı orbitlərdə iş aparmaq iqtidarında olan "Omid" ilk İran peykinin təntənəli təqdimat mərasimi keçirilib.
İran raketinin kosmosa buraxılması Qərbdə və Rusiyada narahatlıq yaradır, çünki ekspertlərin rəyinə görə, bu o deməkdir ki, İran uzaq məsafəli ballistik raketlərin yaradılmasına yaxındır. Beynəlxalq ictimaiyyət ehtiyatlanır ki, Tehran milli atom və raket proqramlarının reallaşdırılması adı altında nüvə başlıqları və onun tədarük vasitələrini yaratmağa çalışır. RİA Novosti-nin verdiyi xəbərə görə, İranın hakim dairələri bildiriblər ki, ölkənin kosmik proqramı dinc mahiyyət daşıyır və tamamilə elmi-tədqiqat məqsədlidir.