...

"Muslim Lig" partiyasına təzyiqlər Pakistanı böhranla üzləşdirəcək

Dünya xəbərləri Materials 1 Mart 2009 11:53 (UTC +04:00)
"Muslim Lig" partiyasına təzyiqlər Pakistanı böhranla üzləşdirəcək

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir D.Xatınoğlu / Ali Məhkəmənin "Muslim Lig" partiyasının sədrinin parlament seçkilərində iştirakına qadağa qoyması, Pakistanda xalq və hakimiyyətin qarşıdurmasına, eləcə də daxili böhranın yaranmasına səbəb olacaq.

"Sabiq Baş nazir Nəvaz Şərif və onun qardaşının Ali Məhkəmə tərəfindən parlament seçkilərində iştirakına qadağa qoyulması, böyük narazılıqların yaranmasına səbəb olacaq. Hazırda "Muslim Lig" partiyasının tərəfdarları çox qəzəbli şəkildə aksiyalarla narazılıqlarını göstərirlər və bu reaksiyalar daha da sərtləşəcək", - Pakistanın daxili məsələlər üzrə eksperti Əbdulənis Həy (Hay) Trend -a bildirib.

Fevraln 26-da hakim Xalq partiyası Pəncab Əyalət parlamentinin fəaliyyətini dondurub. Bu qərar, sabiq Baş nazir Nəvaz və Pəncabın Baş naziri Şahbaz Şərifin (Nəvazın qardaşı) parlament və senat seçkilərində iştirakına qadağa qoymasından bir gün sonra həyata keçirilib. Hazırda Pəncab əyalətində hakimiyyət və Ali Məhkəmənin qərarlarına qarşı olan minlərlə xalq aksiya keçirir, Lahur və Revalpendi şəhərlərində də aksiyalar davam edir.

Sabiq prezident Pərviz Müşərrəf Nəvazın hakimiyyətini 1999-cu ildə devirdikdən sonra, Nəvaz Müşərrəfə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunub, bu ittihamla iki il həbsdə olub və sonra Səudiyyə Ərəbistanı hakimiyyətinin vasitəçiliyi ilə ölkədən deportasiya olunub. Şahbaz isə, Nəvazın hakimiyyəti dövründə müxalif qüvvələrin bəzi rəhbərlərini qətlə yetirməkdə ittiham olunub. 2008-ci ildə parlament seçkiləri öncəsi ittihamlarla bağlı Şərif qardaşlarına qarşı yenidən məhkəmə işi qaldırılıb.

Həyin fikrincə, "Muslim Lig" (Qaid Əzəm qolu) partiyasının rəhbəri Pərviz Müşərrəfin prezidentlik dövründə müxalifətdə olan "Muslim Lig" (Nəvaz Şərif qolu) və "Xalq" partiyaları prezidentə qarşı koaliasiya təşkil etsə də, bu koaliasiyanın davamı əvvəldən də şübhə altında idi. "Xalq" partiyası hakimiyyətə gəldikdən sonra Nəvazı təcrid etmə siyasətini yürüdüb onu koalisiyadan ayırmağa məcbur etdi, - pakistanlı ekspert cümə günü telefonla İslamabaddan bildirib.

Müşərrəf "Xalq" və "Müslim Lig" partiyasının təzyiqləri nəticəsində 2008-ci il istefaya gedib. Hazırda ölkə prezidenti Əli Zərdari və Baş nazir Yusuf Rza Gilani "Xalq" partiyasının təmsilçiləridir.

Londonda fəaliyyət göstərən pakistanlı ekspert Daniş Mustafa (Danish Mustafa) isə hesab edir ki, "Muslim Lig" və "Xalq" partiyasının arasında qarşıdurmalar daha da gərginləşib. Onun sözlərinə görə, "Muslim Lig" partiyası Pəncab əyalətinin Baş nazirlik vəzifəsinə Şahbazdan başqa bir şəxsi təyin etməklə, belə problemlərin yaranmasına mane ola bilərdi, lakin bunu etmədi.

Mustafa hesab edir ki, "Muslim Lig" partiyasının rəhbərləri çalışır ki, bütün vasitələrlə vəzifəyə qaytarılsınlar və buna görə də hakimiyyətə qarşı çıxırlar.

2008-ci ildə Şahbaz Əyalət parlamentində əksəriyyət səs toplamaqla, Pəncab əyalətinin Baş nazir vəzifəsinə seçilsə də, 1998-ci ildə ittiham olunduğu terror əməllərinə görə vəzifəsindən uzaqlaşdırılıb və çərşənbə günündən etbarən bu vəzifə Salman Təsyirə tapşırılıb. 

Londonun Kral Geografiya Kollecinin professoru Mustafa Trend -a açıqlamasında bildirib ki, "Xalq" partiyası "Muslim Lig" ilə birlikdə müştərək şura təşkil edib Pəncab əyalətinin Baş nazirini təyin etməklə narazılıqları aradan qaldıra bilərdi, lakin bunu etməyiblər.

"Ancaq hər iki qardaş (Nəvaz və Şahbaz) 2000-ci ildən əvvəl törətdiyi cinayətləri etiraf ediblər və bu da faktdır ki, Pakistan qanunvericiliyi ağır cinayətlərlə ittiham olunmuş şəxslərə rəsmi vəzifə tutmağa icazə vermir", - Mustafa cümə günü Londondan elektron poçt vasitəsilə bildirib.

Onun sözlərinə görə, konstitusiyanın ağır cinayətlərlə ittiham olunan şəxslərin rəsmi vəzifə tutması haqda bəndini dəyişmək də olar, lakin hakim partiya buna meyilli deyil.

Nəvaz çərşənbə günü elan edib ki, Şərif qardaşlarına qarşı atılan addımlar yalnız "Muslim Lig" partiyasını deyil, bütün Pakistanı hədəfə alıb.

Əbdulənis Həy "Muslim Lig" partiyasının rəhbərlərinə qarşı atılan addımın faciə ilə nəticələnəcəyini istisna etmir. Onun fikrincə, Nəvaz hakimiyyətə qarşı sərt addımlar atacaq. "Şərif çalışacaq ki, hakim partiyanı süquta uğratsın, ən azından tərəfdarlarını hakimiyyət əleyhinə üsyan etməyə çağıracaq", - Həy bildirib.

Həyin sözlərinə görə, ehtimal var ki, Şərif, 2007-ci ildə Müşərrəfin işdən uzaqlaşdırdığı Ali Məhkəmənin bəzi hakimlərinin yenidən vəzifəyə qaytarılması məsələsini bir daha qaldırmaqla, Ali Məhkəmənin verdiyi qərarları ləğv etdirsin.

"Muslim Lig" partiyasının tərəfdarları martın 16-da böyük aksiyalar həyata keçirməyi planlaşdırır. Bu aksiyada Ali Məhkəmənin sabiq hakimlərinin vəzifəyə qaytarılması da tələb olunacaq.

Pərviz Müşərrəf 2007-ci il prezident seçkiləri öncəsi Ali Məhkəmənin bəzi hakimlərini vəzifədən uzaqlaşdırıb. "Muslim Lig" və "Xalq" partiyası 2008-ci ildə Müşərrəfə qarşı koaliasiya yaradan zaman, hakimlərin vəzifəyə qaytarılması ilə bağlı razılığa gəlsələr də, "Xalq" partiyası hakimiyyətə gələndən sonra vədinə əməl etməyib.  

Hər iki ekspertin fikrincə, Pakistan getdikcə daxili qarşıdurmaya yaxınlaşır.

Məqalənin hazırlanmasında D.İbrahimova iştirak edib.

Xəbər lenti

Xəbər lenti