...

İsrailin yəhudi dövləti kimi tanınması sülh üçün vacibdir - XİN

Dünya xəbərləri Materials 28 Aprel 2009 13:02 (UTC +04:00)
İsrailin yəhudi dövləti kimi tanınması sülh üçün vacibdir - XİN

"İsrail XİN fələstinlilərin "yəhudi xalqının suveren dövləti"ni tanımasını Fələstin-İsrail münaqişəsinin həllində vacib mərhələ adlandırıb", - RİA Novosti xəbər verir.

Xarici siyasət qurumunun bəyanatı Fələstin Milli Administrasiyasının (FMA) başçısı Mahmud Abbasın çıxışına cavab olaraq səsləndirilib. Fələstin lideri İsrailin təkmillətli yəhudi xarakterini tanımaqdan imtina edib.

"İsrailin yəhudi xalqının suveren dövləti kimi tanınması Fələstin və İsrail arasında tarixi sülh prosesində vacib və ehtiyac duyulan addımdır. Fələstinlilər bu fundamental və mövcud faktı nə qədər möhkəm mənimsəsələr, iki xalq arasında sülhə doğru istiqamətlənmə bir o qədər sürətlənəcək", - XİN-in bəyanatında deyilir.

Bir müddət əvvəl analoji tezisi İsrail hökumətinin başçısı Benyamin Netanyahu da ABŞ Prezidentinin xüsusi nümayəndəsi Corc Mitçellə görüşü zamanı səsləndirib.

İsrailin sərhədlərini yalnız 1949-67-ci illərdəki sərhədlər çərçivəsində tanıyan FMA-nın etirazı, milyonlarla ərəb qaçqınının müasir İsrail dövlətinin sərhədləri daxilinə qayıtmaq hüququnu təmin etmək istəyindən irəli gəlir.

Sağçı düşərgənin üstünlük təşkil etdiyi yeni İsrail hökuməti fələstinlilərlə dialoqun bərpasına hazır olduqlarını bildirir, ancaq hələ ki, danışıqlar masası arxasına hansı mövqelərlə oturacaqlarını konkretləşdirmir. Kabinet xarici siyasət strategiyasının hazırlanmasını mayın sonuna, Netanyahunun Vaşinqtona səfərinə qədər bitirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti