...

Ermənistanla əlaqələrimizin normallaşmasını istəyirik -Türkiyə XİN rəhbəri

Dünya xəbərləri Materials 4 İyun 2009 12:21 (UTC +04:00)
Ermənistanla əlaqələrimizin normallaşmasını  istəyirik -Türkiyə XİN rəhbəri

Türkiyənin xarici işlər nazir Əhməd Davudoğlu Vaşinqtona səfəri zamanı keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını istədiyini bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Cənubi Qafqazda sülhün və stabilliyin olması üçün ikitərəfli əməkdaşlıq çərçivəsində qonşu dövlətlərlə, o cümlədən Ermənistanla da əlaqələrimizin normallaşmasını isətyirik", - deyə Davudoğlu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyə və Ermənistan hələ 1993-cü ildən korlanan münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin korlanmasına səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı" tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın ötən il sentyabrın 6-da dünya futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etmək üçün Yerevana dəvətini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

Türkiyə ictimaiyyətinin müxtəlif dairələrinin nümayəndələri Ermənistan ilə sərhədlərin açılacağını güman edirlər ki, bu, Azərbaycan ictimaiyyətini çox narahat edir. Lakin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 12-13 may tarixlərində Bakıya səfəri zamanı Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistan ilə əməkdaşlıq imkanlarını istisna edib.

Davudoğlu onu da əlavə edib ki, Cənubi Qafqazda daimi sülhün olması üçün Ermənistan və Azərbaycan arasında olan problemlər aradan qaldırılmalıdır. "Qafqazda sülhün olması üçün hamı əlinədən gələni etməlidir", - deyə o qeyd edib.

Türkiyə-Ermənistan sərhədinin açılıb-açılmayacağına münasibət bildirən XİN rəsmisi bunun nə zaman olacağına dair bir şey bildirməyib.

Xəbər lenti

Xəbər lenti