İranın Qeşm adasında A/H1N1 virusuna yoluxan hamilə qadın vəfat edib, bu barədə Xormuzqan vilayətinin səhiyyə mərkəzinin eksperti İbrahim Hacı bildirib, Trend MEHR agentliyinə istinadən xəbər verir.
Hacı bildirib ki, indiyə kimi Xormuzqan vilayətində "donuz qripi"nə yoluxma üzrə dörd fakt aşkar olunub, yoluxanlardan üçü Qeşm adasının sakini, digəri isə Hacıabad şəhərinin sakinidir.
O əlavə edib ki, ölkədə virusa yoluxanların sayı 150 nəfərdir.
İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Məhəmməd Mehdi Guya hələ dünən bildirmişdi ki, ölkədə A/H1N1 virusuna yoluxanların sayı 124 nəfərə çatıb ki, bunun da 16 faizi ölkəni tərk etməyib və əvvəlcədən yoluxan xəstələrlə bilavasitə ünsiyyətdə olduqları üçün yoluxub.
İranın IRNA informasiya agentliyinin məlumatına əsasən, iyulun 14-də İranda A/H1N1 virusuna yoluxma üzrə bir fakt təsdiqlənib, 200 nəfər isə bu dəhşətli virusa yoluxmada şübhəli bilinib.
Hazırda A/H1N1 dünyanın 165 ölkəsində yayılıb və 184435 nəfərin yoluxmasına səbəb olub ki, onların 1274-ü vəfat edib. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, bu virusun sürətlə yayılması səbəbindən bütün dünya üzrə iki milyard insanın yoluxma təhlükəsi mövcuddur.
Xəstəliyin əsas simptomları hərarətin qalxması, boğazda ağrı, fasiləsiz öskürək, zökəm, qusma və ishaldır.