İran Prezidenti BMT Baş Asseableyasının növbəti iclasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. İranın Mehr agentliyinin sentyabrın 22-də verdiyi məlumata əsasən, Əhmədinejad Nyu-Yorkda keçirilən iclasda yerli vaxtla saat 17:30-da çıxış edəcək.
Əhmədinejadı Prezident Aparatının rəhbəri Rəhim Məşai, Prezidentin müavini Müctəba Səməmə Haşimi və bir neçə deputat müşayiət edir.
Trend -un arayışı: 2008-ci ildə Nyu-Yorka səfəri zamanı İran Prezidenti Kolombiya universitetində çıxış edib. Universitetin rektoru prezidenti çıxışından əvvəl "kiçik diktator" deyə iştirakçılara təqdim edib. Mehr agentliyinin məlumatına əsasən, Əhmədinejad növbəti səfəri çərçivəsində yenə də ABŞ-da təhsil alan iranlı tələbələr və ziyalılarla görüş planlaşdırıb, lakin çıxışın konkret olaraq hansı universitetdə olacağı haqda məlumat verilməyib.
Əhmədinejad beşinci dəfədir ki, BMT Baş Assambleyasının illik iclasında iştirak məqsədilə Nyu-Yorka səfər edir.
İnsan haqları müdafiəçiləri prezidentin Nyu-Yorka səfəri ərəfəsində geniş aksiyalar keçirilməsini planlaşdırıblar. BBC-nin məlumatına əsasən, İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə və siyasi fəalların həbsinə etiraz olaraq aksiya keçiriləcək.
İranda keçirirlən sonuncu prezident seçkilərinin nəticəsinə etiraz olaraq, milyonlarla iranlı etiraz aksiyası keçirib. Aksiyalarda 4000 nəfər saxlanılıb, hazırda yüzlərlə aksiya iştirakçısı hələ də həbsdədir. Rəsmi məlumata görə, aksiyalarda 31, qeyri-rəsmi məlumata görə, 72 nəfər həlak olunub.
Prezidentlıyə sabiq namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Əhmədinejad administrasiyasını rəsmi olaraq tanımayaraq, seçkilərin yenidən keçirilməsini tələb ediblər.