...

Barak Obama 2009-cu il Nobel sülh mükafatı laureatı oldu

Dünya xəbərləri Materials 9 Oktyabr 2009 16:29 (UTC +04:00)
Norveçin Oslodakı Nobel Komitəsi cümə günü elan edib ki, 2009-cu il Nobel sülh mükafatı beynəlxalq diplomatiyanın və insanlar arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün fövqəladə səylərinə görə ABŞ Prezidenti Barak Obamaya verilib.
Barak Obama 2009-cu il Nobel sülh mükafatı laureatı oldu

Norveçin Oslodakı Nobel Komitəsi cümə günü elan edib ki, 2009-cu il Nobel sülh mükafatı beynəlxalq diplomatiyanın və insanlar arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün fövqəladə səylərinə görə ABŞ Prezidenti Barak Obamaya verilib.

Norveçin Nobel Komitəsinin məlumatında deyilir ki, Obama diplomatiyasına görə, dünyaya rəhbərlik edən insanlar dünyanın böyük hissəsinin bölüşdürdüyü dəyərlərə və mövqelərə əsaslanaraq ona rəhbərlik etməlidirlər.

Sənəddə deyilir ki, komitə Obamanın "nüvə silahı olmayan dünya" yaratmaq üçün gördüyü işləri yüksək qiymətləndirir. ABŞ Prezidenti kimi o, hərtərəfli diplomatiyanın həlledici rol oynadığı, həmçinin BMT və digər beynəlxalq təşkilatların rolunun qeyd olunduğu "beynəlxalq siyasətdə yeni mühit yaradıb".

Sənəddə deyilir ki, ən çətin beynəlxalq münaqişələrin həllində belə, dialoq və danışıqların aparılması üstün tutulur. "Nüvə silahından azad bir dünya"nın yaradılması tərksilah olmağa stimul verir. Komitənin fikrincə, "Obamanın təşəbbüslərinə əsasən ABŞ, indi dünyanın üzləşdiyi ciddi siyasi mühit dəyişiklikləri ilə mübarizədə konstruktiv rol oynayır."

Bu il Nobel mükafatının məbləği 10 milyon İsveç kronu təşkil edir (bir milyon avro).

Təqdimetmə mərasimi dekabrın 10-da - onun təsisçisi, isveçli ixtiraçı, filoloq və filosof Alfred Nobelin (1833-1896) vəfatı günü Osloda keçiriləcək.

Obama Nobel mükafatı alan ilk ABŞ Prezidenti deyil. 1919-cu ildə Vudro Vilson da bu mükafata layiq görülüb.

Ölkə başçıları arasında SSRİ rəhbəri Mixail Qorbaçov, Cənubi Koreya Prezidenti Kim De Çjun, İsrailin Baş naziri İshaq Rabin, Almaniya Kansleri Villi Brandt bu mükafata layiq görülüblər.

Kiçik Barak Hüseyn Obama 1961-ci il avqustun 4-də Havay ştatının mərkəzi Honolulu şəhərində dünyaya gəlib. Atası qaradərili keniyalı Barak Hüseyn Obama ABŞ-a iqtisadiyyatı öyrənməyə gəlib. Anası ağdərili Stenli Enn Danhem antropologiya üzrə təhsil alıb.

Onun valideynləri Obamanın iki yaşında olarkən boşanırlar. Barak kiçik ikən atası təhsilini davam etdirmək üçün Harvarda üz tutur. Daha sonra isə böyük Obama Keniyaya gedir.

Enn Danhem ikinci dəfə ərə gedir. Bu dəfə o, İndoneziyadan olan tələbə ilə ailə qurur. 1976-cı ildə kiçik Obama İndoneziyaya köçür. Daha sonra Havaya qayıdaraq orada özəl məktəbdə orta təhsil alır.

Məktəbi bitirdikdən sonra Los-Ancelesdəki Qərb Kollecində və Kolumbuya Universitetində təhsil alır, 1983-cü ildə həmin universiteti bitirir. 1991-ci ildə Harvard Universitetinin hüquq məktəbində təhsilini başa vurur.

Təhsilini başa vurduqdan sonra Obama Çikaqoya qayıdır və vəkillik edə-edə Çikaqo Universitetində konstitusiya hüququndan dərs deyir.

1996-cı ildə Obama Demokratlar Partiyasından İllinoys ştatının senatoru seçilir.

2000-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatasına namizəd olsa da, seçkilərdə uduzur.

2004-cü ildə ABŞ Konqresinin yuxarı palatası olan Senata keçirilən seçkilərdə səslərin 70 faizini toplayaraq qalib gəlir və ABŞ tarixində 5-ci qaradərili senator olur.

2008-ci ildəki prezident seşkilərində Obama Respublikaçılar Partiyasının namizədi Con Makkeynə seçkilərdə qalib gəlir.

2005-ci ildə "Time" jurnalı Obamanı dünyanın ən nüfuzlu səxslərindən biri adlandırmış, Britaniyanın "New Statement" jurnalı isə onu "dünyanı lərzəyə sala biləcək" 10 şəxsdən biri kimi göstərmişdi.

Obama iki kitabın müəllifidir. 1995-ci ildə "Atamın arzuları" memuarı, 2006-cı ildə isə "Ümid cəsarəti" adlı kitabı dərc olunub.

1992-ci ildə ailə həyatı qurmuş Obamanın həyat yoldaşı hüquqşünas Mişel Robinsondur. Onların iki qızı var - Malia və Saşa.

Obamanın sözlərinə görə, onun əsas əyləncəsi basketbol və poker oyunlarıdır.

Xəbər lenti

Xəbər lenti