Qafqaz regionunda sabitliyin bərqərar olması üçün region ölkələri, o cümlədən İranla əməkdaşlıq etmək lazımdır. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Tehranda keçirilən Türkiyə-İran biznes forumunda bildirib. Məlumatı TRT 2 telekanalı yayıb.
"Qafqazda sülh və sabitliyin bərqərar olması üçün biz İranla əməkdaşlıq etməliyik, - İranda rəsmi səfərdə olan Ərdoğan deyib. - Qafqazda sabitliyin bərqərar olması Türkiyə kimi İranı da maraqlandırır. Buna görə də, bu problemlər region ölkələrinin əməkdaşlığı yolu ilə həll edilməlidir".
Ərdoğan çərşənbə axşamı 100 nəfər iqtisadçıdan ibarət olan nümayəndə heyəti ilə Tehrana səfər edib. Səfərdən əvvəl türkiyəli nazir "Guardiyan" qəzetinə verdiyi müsahibəsində Türkiyənin İranla qardaşlıq münasibətləri olduğunu deyib.
İki ölkə arasındakı mal dövriyyəsi 13 milyard dollar təşkil edir. Bu göstəricini 20 milyard dollaradək artırmaq planılaşdırılır. İran il ərzində Türkiyəyə 10 milyard kubmetr qaz ixrac edir.