...

İranın səhiyyə naziri Tehranda baş verə biləcək zəlzələ barədə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 25 Yanvar 2010 14:03 (UTC +04:00)
İranın səhiyyə naziri xanım Mərziyyə Vəhid Dəstgerdi ötən həftə ərzində Firuzkuh şəhərində baş vermiş davamlı zəlzələləri nəzərə alaraq bildirib ki, bu təhlükənin Tehranda baş vermə ehtimalı olduğu üçün hamı bu təbii hadisənin törədə biləcəyi fəsadlarla mübarizəyə hazır olmalıdır.
İranın səhiyyə naziri Tehranda baş verə biləcək zəlzələ barədə xəbərdarlıq edib

İranın səhiyyə naziri xanım Mərziyyə Vəhid Dəstgerdi ötən həftə ərzində Firuzkuh şəhərində baş vermiş davamlı zəlzələləri nəzərə alaraq bildirib ki, bu təhlükənin Tehranda baş vermə ehtimalı olduğu üçün hamı bu təbii hadisənin törədə biləcəyi fəsadlarla mübarizəyə hazır olmalıdır. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb

Xanım Dəstgerdi əlavə edib ki, Tehranda milyonlarla insan yaşayır və təbii fəlakətin fəsadlarını aradan qaldırmaq məqsədi ilə bütün qurumlar, o cümlədən Səhiyyə Nazirliyi hazırlıq vəziyyətində olmalıdır.

Yanvarın 20-də səhər İranın Firuzkuh şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 və 3,9 bal gücündə iki zəlzələ baş verib. Həmin zəlzələdən sonra yanvar ayının 23-dək Rixter cədvəli üzrə 2-3 bal gücündə müxtəlif saatlarda davamlı şəkildə daha 52 zəlzələ baş verib. Zəlzələnin davamlı şəkildə davam etməsi səbəbindən Firuzkuh şəhərində məktəblər və dövlət müəssisələri üç gün tətil olub. Evlərin pəncərələri sınıb, divarları çatlayıb və 10 nəfər yaralanıb. Şəhərin fövqəladə hallar təşkilatları əhalini idman komlekslərinin salonlarında yerləşdirib. Şəhər sakinlərindən bir çoxu şəhəri tərk etməyə məcbur olub.

Bundan öncə Tehran Universitetinin professoru və seysmoloq Bəhram Əkkaşə Mehr agentliyinə müsahibəsində bildirib ki, əgər Haitidəki kimi Tehranda da güclü zəlzələ baş versə, təbii fəlakətin fəsadları və insan itkisi Haitidəki zəlzələdən 10 dəfə artıq ola bilər.

Ümumiyyətlə, İranda tez-tez dağıdıcı zəlzələlər baş verir.

Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 000 insan həlak olmuş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7.7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 000 insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 000 nəfərdən çox insan xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti