Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Parisdə Fransa Senatının rəhbəri Jerar Larşer ilə görüş zamanı bildirib ki, Ermənistan tərəfindən Türkiyə hökumətinin xüsusi nümayəndəsi Firudun Sınırlıoğlu vasitəsilə göndərdiyi mesajına cavab gözləyir. Bu barədə Anadolu agentliyi məlumat verir.
"Mən ABŞ-da keçiriləcək görüşlə bağlı Ermənistandan cavab gözləyirəm. Mənim xüsusi nümayəndəm Sınırlıoğlu mesajımı Ermənistan Prezidentinə çatdırıb və mənim Prezident Sarkisyan ilə ABŞ-da görüşüb-görüşməyəcəyim həmin cavabdan asılıdır", - Ərdoğan çərşənbə günü deyib.
Sınırlıoğlu çərşənbə günü səhər Yerevanda olub.
Ərdoğan mesajın detalları barədə məlumat verməyib, lakin hesab edilir ki, söhbət Türkiyə Baş nazirinin Vaşinqtonda Ermənistan Prezidenti Serj Sarkisyanla görüşündən gedir. Ərdoğanın ABŞ-a səfəri aprelin 12-13-də baş tutacaq və 47 dövlətin iştirakı ilə Vaşinqtonda nüvə təhlükəsizliyi sammitində iştirak edəcək.