Hörmüz boğazında keçirilən təlimlərin gedişini müşahidə etmək üçün Qətərdən İrana bir qrup hərbi mütəxəssis gəlib. Bu barədə İRNA İnfornasiya Agentliyi məlumat yayıb.
"Biz iranlı hərbi mütəxəssislərin təcrübəsini tətbiq etməkdə maraqlıyıq", - Qətər nümayəndə heyətinin rəhbəri Əbdülrəhim İbrahim deyib. - "Həmçinin biz Fars körfəzi ölkələrinin birgə HDQ təlimlərini alqışlayırıq. Lakin bundan ötrü həmin ölkələrin hərbi rəhbərliyinin sərəncamını almaq lazımdır".
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) aprelin 22-də Hörmüz boğazında "Böyük Peyğəmbər - 5" adlı üçgünlük təlimlərə başlayıb. Korpusun yaradılması gününə həsr olunmuş təlimlərdə İİKK-nın hava, dəniz və yerüstü bölmələri iştirak edir.