...

Aİ İsraili yaşayış məntəqələrinin tikintisinə dair moratoriumu uzatmağa çağırır

Dünya xəbərləri Materials 17 Sentyabr 2010 16:05 (UTC +04:00)
Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri cümə axşamı fələstinlilərlə sülh prosesində irəliləyişə nail olmaq üçün İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin salınmasına qoyulan qadağanın müddətinin uzadılmasına çağırıblar.
Aİ İsraili yaşayış məntəqələrinin tikintisinə dair moratoriumu uzatmağa çağırır

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri cümə axşamı fələstinlilərlə sülh prosesində irəliləyişə nail olmaq üçün İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin salınmasına qoyulan qadağanın müddətinin uzadılmasına çağırıblar. Bu barədə Aİ-nin rəsmi məlumatında deyilir.

Aİ yəhudi ailələri üçün yeni yaşayış binalarının tikilməsinə qoyulan qadağanın moratoriumun müddətinin uzadılmasına "regionda ədalətli, uzunmüddətli və hərtərəfli sülhün əldə olunması yolunda başlıca addım" kimi baxır.

Fələstin ərazilərində yeni evlərin tikintisinə qoyulan on aylıq qadağanın müddəti sentyabrın 26-da başa çatır. Lakin İsrail hökuməti artıq onun müddətini uzatmaq fikrində olmadığını bəyan edib.

Cümə axşamı Qahirədə Ərəb Ölkələri Liqasının iclasına toplaşan ərəb dövlətlərinin xarici işlər nazirləri tikintinin davam etdiriləcəyi təqdirdə fələstinlilərlə israillilər arasında sülh danışıqlarının davam etdirilməsinə qarşı çıxacaqlarını bəyan ediblər.

Sentyabrın 2-də Vaşinqtonda Fələstin Milli Muxtariyyətinin lideri Mahmud Abbasla İsrailin Baş naziri Benyamin Netanyahu birbaşa sülh danışıqlarının bərpa olunmasını rəsmən bəyan ediblər. Sülh prosesi faktiki olaraq 2008-ci ildə dondurulub, 2010-cu ilin mayında isə ABŞ-ın vasitəçiliyi ilə bir sıra qapalı danışıqlar keçirilib. ABŞ Prezidenti Barak Obama, Baş nazir Benyamin Netanyahu və Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas arasında keçirilən üçtərəfli sammitdə Misir Prezidenti Hüsni Mübarək və ərəb dünyasında İsrail ilə diplomatik münasibətləri bərpa edən yeganə ölkə olan İordaniyanın Kralı II Abdullah iştirak edib.

Danışıqların növbəti mərhələsi bu həftə Misirin Şarm-əş-Şeyx şəhərində və Qüdsdə ABŞ dövlət katibi Hillari Klinton və Ağ evin xüsusi nümayəndəsi Corc Mitçelin iştirakı ilə keçirilib. Bu danışıqlardan sonra Vaşinqtonda sülh prosesində irəliləyişin olduğunu bəyan ediblər.

Lakin yaşayış evlərinin tikintisi məsələsi əvvəlki kimi həll olunmamış qalır.

Dünən Aİ ölkələri rəhbərləri Brüsseldəki sammitdə bəyannamə imzalayıblar. Orada bildirilir ki, İttifaq "bütün məskənləri beynəlxalq hüquqa uyğun olaraq qeyri-leqal hesab edir və İsraili moratoriumu uzatmağa çağırır".

Eyni zamanda, avropalı liderlər "hər cür zorakılığın, eləcə də raket həmlələrinin və terror aktlarının tamamilə dayandırılması" barədə tələblərini təkrarlayaraq hər iki tərəfi "əvvəllər üzərlərinə götürdükləri öhdəliklərə əməl etməyə" çağırıblar.

Avropa İttifaqı ərəb-İsrail münaqişəsinin nizamlanması üzrə Yaxın Şərq dördlüyünün ABŞ, Rusiya və BMT ilə eyni səviyyədə üzvüdür. Aİ yeni bəyannamədə bir daha Qəzza sektorunun üç ildən artıq müddətdə davam edən blokadası problemini həll etməyə çağırıb.

Bəyannamədə ABŞ-ın bir il ərzində Yaxın Şərqdə regiondakı bütün ölkələrin maraqlarına cavab verən sülhə nail olmaq üçün göstərdiyi səylər alqışlanır.

"Yaxın Şərqdə sülh mükəmməl olmalıdır", - bəyanatın sonunda bildirilir.

Xəbər lenti

Xəbər lenti