Fələstin məsələsi ilə bağlı Yaxın Şərqdə yaranan böhran yalnız İsrailin Fələstin ərazilərini tərk edəcəyi halda həll oluna bilər. Bu barədə çərşənbə axşamı İran XİN nümayəndəsi Ramin Mehmanpərəst həftəlik mətbuat konfransında Fələstin Milli Administrasiyasının Argentina və Braziliya tərəfindən tanınmasını şərh edərkən bildirib. Məlumatı "IribNews" telekanalının rəsmi saytı yayıb.
O, əlavə edib ki, fələstinli qaçqınların öz torpaqlarına qayıtmaları vacibdir.
Dekabrın əvvəlində Fələstin muxtariyyətinin lideri Mahmud Abbasın Latın Amerikası ölkələrinə səfəri zamanı etdiyi çağırışlara cavab olaraq, Argentina və Braziliya Fələstin Milli Muxtariyyətini (FMM) 1967-ci il 4 iyun sərhədlərində "azad və müstəqil dövlət kimi" tanıyıblar. İsrail Argentinanın qərarını "təəssüfləndirici" adlandırıb, "Frans Press" agentliyi İsrail XİN-in rəsmi nümayəndəsinə istinadən məlumat verib.
İsrail və Fələstin arasında indiki danışıqlar prosesi 1993-cü ildə başlayıb. Fələstinlilər ümid edirlər ki, İsrail 1967-ci il müharibəsindən sonra işğal olunan İordan çayının qərb sahilindən, Qəzza bölgəsindən və Şərqi Qüdsdən öz qoşunlarını çıxaracaq. Bu nəzərdə tutulan ərazidə FMM paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətini yaratmaq istəyir. Lakin İsrail 1967-ci il sərhədlərinə qayıtmaqdan imtina edir və özünün "əbədi və ayrılmaz" elan etdiyi Qüds məsələsini qaldrımaq istəmir.