İran Prezidenti Mahmud Əhmədinejad pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı aparıb. O, Zərdaridən terrorçuların İrana təhvil verilməsini tələb edib və bu məqsədlə iki ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşlığının möhkəmləndirilməsini istəyib. Bu barədə MEHR xəbər agentliyi məlumat verir.
Zərdari öz növbəsində İranın Çabahar şəhərində baş vermiş hadisə ilə bağlı İran Prezidentinə başsağlığı verib və ölkəsinin təhlükəsizlik qüvvələrinin əməkdaşlıq etməyə hazır olduğunu deyib.
Dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ildönümü ilə əlaqədar məscidə gələn 38 nəfər ölüb, 50 nəfər yaralanıb. Daha bir nəfər xəstəxanada vəfat edib. Terror aktına görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb.
Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.
Sistan və Bəluçistan əyalətində əhalinin əksəriyyətini sünnilər (islamda nisbətən daha çoxsaylı cərəyanın ardıcılları) təşkil edir. İranda sünnilər azlıq təşkil edir.