Azərbaycan, Bakı, 5 may /Trend/
İran parlamenti ölkənin hərbi büdcəsinin 3 milyard dollar artırılması haqqında qanunu təsdiq edib. Trend-in məlumatına görə, bu barədə İran parlamentinin Araşdırmalar Mərkəzinin sədri Əhməd Təvəkküli iqtidaryönlü "Keyhan" qəzetinə bildirib.
Təvəkküli əlavə edib ki, qanuna əsasən, hərbi büdcənin 3 milyard dollar artırılması neft ixracatından əldə olunan vəsaitlər hesabına təmin olunacaq. "Parlament ali lider ayətullah Əli Xamneyinin birbaşa göstərişinə əsasən hərbi büdcəni artırıb", - Təvəkküli deyib.
İranın hərbi büdcəsinin dəqiq miqdarı ilə bağlı rəsmi statistika əldə olunmasa da, beynəlxalq KİV-lərin məlumatına əsasən, Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2010-cu ildə İranın hərbi büdcəsinin 7 milyard dollardan artıq olduğunu proqnozlaşdırıb.
Bundan başqa, dünya ölkələrinin illik hərbi büdcələri ilə bağlı statistik məlumatlar yayımlayan Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnistitu İranın 2007-ci il üçün hərbi büdcəsini 7 milyard dollar açıqlamışdı.