...

Tehranda təyyarə təhlükəli eniş edib

Dünya xəbərləri Materials 20 İyun 2011 11:35 (UTC +04:00)
İranın "Mahan Air" şirkətinə məxsus, Məşhəd-Tehran reysi üzrə uçan "Airbus" tipli təyyarə bazar günü Tehran hava limanına təhlükəli eniş edib.
Tehranda təyyarə təhlükəli eniş edib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

İranın "Mahan Air" şirkətinə məxsus, Məşhəd-Tehran reysi üzrə uçan "Airbus" tipli təyyarə bazar günü Tehran hava limanına təhlükəli eniş edib. Belə ki, təyyarənin təkərlərində nasazlıq yaranıb və eniş zamanı onlar açılmayıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata görə, təyyarə enərkən baş verə biləcək yanğın hadisəsinin qarşısının alınması üçün eniş zolağına yanğına qarşı köpük tökülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ötən həftənin cümə günü də "Mahan Air" şirkətinə məxsus digər bir təyyarə Məşhəd hava limanında məcburi eniş etmişdi.

İran KİV-inin məlumatına əsasən, aviasiya qəzaları İran üçün nadir hadisə deyil. Qəzalara səbəb təyyarələrin köhnəlməsidir.

2010-cu ilin yanvarında İranın Məşhəd şəhərində rusiyalı ekipajın idarə etdiyi Tu-154 təyyarəsi qəzaya uğrayıb. Nəticədə 46 sərnişin zərər çəkib.

2009-cu il iyulun 24-də İranda İl-62 təyyarəsi qəzaya uğrayıb. 16 nəfər, eləcə də 13 ekipaj üzvü xəsarət alıb. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq beton hasara çırpılıb.

2009-cu il iyulun 5-də İranın Qəzvin şəhərinin ətrafında "Kaspian" aviaşirkətinin Tehran-Yerevan marşrutu üzrə uçan Tu-154 təyyarəsi qəzaya uğrayıb. Göyərtədə olan 168 nəfərin hamısı həlak olub.

Xəbər lenti

Xəbər lenti