Azərbaycan, Bakı, 1 yanvar /Trend/
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan türkdilli xalqlar Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qanunu kəskin surətdə pisləyir. Bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Komsulluğunda məlumat verilib.
Şənbə günü bu şəhərdəki türkdilli xalqların -azərbaycanlıların, türklərin, özbəklərin, qazaxların, türkmənlərin nümayəndələri Sankt-Peterburq Azərbaycanlılar İcmasının və Beynəlxalq Diaspor Mərkəzi Sankt-Peterburq regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Fransanın Sankt-Peterburqdakı baş konsulluğu qarşısında icazəli piket keçirmişlər.
Aksiya iştirakçıları Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini qətiyyətlə pisləmişlər.
Tədbiri açan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev bu toplantının əsas məqsədini və mahiyyətini elan etdikdən sonra iştirakçılar tərəfindən "Fransa parlamenti, stop!", "Sarkozi, dayan!", "Azərbaycan-Türkiyə qardaşdır", "Sarkisyan, Xocalıya görə cavab verəcəksən!", "Qarabağ Azərbaycanındır", "Azərbaycan-Rusiya dostdur" və s. şüarlar səslənmişdir.
Piket iştirakçıları, həmçinin Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyindən geri çağırılmasını tələb etmişlər. Onlar Fransa parlamentinin qondarma "erməni soyqırımı" əvəzinə 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri soyqırımını müzakirə etməli olmasına dair tələblər irəli sürmüşlər.
Tədbirdə Sankt-Peterburq Azərbaycanlıları İcmasının sədri, Smolnıy İnstitutunun rektoru, akademik Heydər İmanov, Beynəlxalq Diaspor Mərkəzi Sankt-Peterburq regional nümayəndəliyinin rəhbəri İdris Qəhrəmanov, "Vətən" Cəmiyyətinin sədri Məzahir Həsənov çıxış edərək Fransa parlamentinin aşağı palatasının qərarına kəskin etirazlarını bildirmişlər.
Sonra Azərbaycan və Türkiyə icmalarının nümayəndələri parlamentin bu qərarına etiraz əlaməti olaraq piket iştirakçılarının fransız xalqına, Fransa parlamentinə və prezidentinə ünvanladıqları müraciəti bu ölkənin Sankt-Peterburqdakı baş konsulluğuna təqdim etmişlər.