Azərbaycan, Bakı, 20 yanvar / Trend, müxbir A.Tağıyeva /
Fransa Prezidenti Nikola Sarkozi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Senatda gözlənilən müzakirəsi ilə bağlı məktub göndərib. Trend-in məlumatına görə, bu barədə "Hürriyət" qəzeti xəbər verib.
Sarkozi məktubda göstərir ki, bu qanun layihəsi hansısa tərəfə qarşı yönəlməyib və heç bir şəxsi maraq güdmür.
"Fransa ümid edir ki, bu qanun layihəsinə baxılması Ankara və Parisin ikitərəfli əlaqələrinin inkişafına təsir etməyəcək", - məktubda deyilir.
Məktubda həmçinin Fransanın öz tarixi səhvlərini, o cümlədən Əlcəzairdə baş verən hadisələri etiraf etdiyi qeyd olunur.
"Tarixlə üzləşməq asan deyil, lakin Fransa bu maneəni adlaya və öz səhvlərini etiraf edə bildi", - Sarkozi qeyd edib.
Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Senatın qanun layihəsini yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salacağı gözlənilir.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu élan edib.
Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.