...

Ərdoğan: Türkiyə və İran aralarındakı münasibətlərin pozulmasına imkan verməməlidir

Dünya xəbərləri Materials 29 Mart 2012 12:43 (UTC +04:00)
Türkiyə və İran müəyyən qüvvələrin ölkələr arasındakı qardaş münasibətlərə ziyan vurmaq niyyətlərinə qarşı müqavimət göstərməlidir.
Ərdoğan: Türkiyə və İran aralarındakı münasibətlərin pozulmasına imkan verməməlidir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov /

Türkiyə və İran müəyyən qüvvələrin ölkələr arasındakı qardaş münasibətlərə ziyan vurmaq niyyətlərinə qarşı müqavimət göstərməlidir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İran parlamentinin spikeri Əli Laricani ilə görüşündə bildirib. Trend-in məlumatına görə, bu barədə IRNA agentliyi xəbər verib.

Ərdoğanın sözlərinə görə, Türkiyə və İran regionda, o cümlədən İraq və Suriyadakı vəziyyət haqqında danışıqlar aparıblar.

"Biz regiondakı problemlərin həlli üçün gələcəkdə də sıx əməkdaşlıq etmək üçün razılığa gəldik", - o deyib.

Öz növbəsində, Laricani ikitərəfli münasibətlərin inkişafı səviyyəsindən razılığını ifadə edib. O deyib ki, İran və Türkiyə sıx əməkdaşlıq sayəsində regiondakı bir çox problemləri həll edə bilərlər.

"Türkiyə-İran münasibətlərinin daha da inkişaf etməsi üçün ölkələrimizin malik olduqları iqtisadi və ticarət potensialından yararlanması lazımdır", - spiker deyib.

O həmçinin qeyd edib ki, Tehran və Ankara Türkiyə ərazisində AvroRHM elementlərinin quraşdırılması ilə bağlı məsələləri müzakirə edirlər.

Laricani onu da bildirib ki, regionda İsrailə qarşı müqavimətin zəifləməsinə yol vermək olmaz.

Ərdoğanın İrana səfəri çərşənbə günü başlayıb. Türkiyənin Baş naziri parlamentin spikeri ilə yanaşı, vitse-prezident Məhəmməd Rza Rəhimi ilə də görüşüb. İran Prezidenti ilə çərşənbə gününə planlaşdırılan görüş Mahmud Əhmədinejadın səhhəti ilə əlaqədar cümə axşamına keçirilib.

Xəbər lenti

Xəbər lenti