Gürcüstan, Tbilisi, 19 avqust /Trend, müxbir N.Kirtsxaliya/
Bir neçə gün əvvəl saxlanılan millyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşınının qaytarılması haqqında rəsmi Yerevanla danışıqları Gürcüstanın Xarici İşlər Nazirliyi aparır. Bu barədə Trend-ə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Gürcüstan DİN rəsmi nümayəndəsi bildirib: "Hazırkı mərhələdə Yerevanla danışıqları Gürcüstan XİN aparır".
Məlumata görə, Sadaxlı rayonunun Burma kənd sakini Allahverdi Pələngov öz iki erməni tanışı ilə Gürcüstan-Ermənistan sərhədinin neytral zonasında saxlanılıb. Oradan o, Yerevana göndərilib, onun tanışları isə azad olunub.
Gürcüstan polisi həbs edilən şəxsin ailəsinin müraciətindən sonra tədbirlər görməyə başlayıb. Polislər Pələngovun xanımı, oğlu Kənan və digər hadisə şahidlərindən ifadələr alıblar.
Gürcüstan DİN-dən bildirilib ki, hazırkı mərhələdə məlum olub ki, Pələngov Ermənistan sərhədini qanunsuz keçdiyinə görə saxlanılıb.
Gürcüstan XİN danışıqların gedişini şərh etməyib.