Azərbaycan, Bakı, 24 may /Trend/
Çinin şimal-qərbindəki Sindzyan Uyğur muxtar rayonunun (SUMR) inzibati mərkəzi, Urumçi şəhərində polis terror aktı həyata keçirmiş beş nəfərin şəxsiyyətini müəyyənləşdirib. Onlardan biri saxlanılıb.
Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Sinxua agentliyi məlumat verir.
Dörd terrorçu yerindəcə həlak olub və DNT ilə də tanınıb, beşincini isə ötən gecə SUMR-un Bayanqol Monqol muxtar dairəsində saxlamaq mümkün olub.
Polisin məlumatına görə, beş terrorçunun hamısı ekstremist fəaliyyətə çoxdan cəlb olunub. 2013-ci ilin sonunda onlar döyüş qrupunu formalaşdırıb, partlayıcı maddələr və avtomobillər alıblar.
Terror aktı Urumçidə mayın 22-də yerli vaxtla səhər saat 07:50-da küçə bazarında "Jenmin" parkının yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, iki avtomobil camaatı arasına girdi. Maşınlardan biri partladılıb, digərindən isə partlayıcı qurğu bayıra atılıb. Sinxua agentliyinin məlumatına görə, indiyədək həlak olanların sayı 39 nəfərə qədər artıb, daha 86 nəfər yaralanıb.