Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Kanadanın baş naziri Stiven Harper Ottavada atışma hadisələrini pisləyib, baş verənləri "iyrənc" adlandırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
"Baş nazir.... bu mənfur hücumu pisləyib.... O, hökumətin və parlamentin işini davam etməsinin vacibliyini qeyd edib", Röyter agentliyi baş nazirin ofisinin bəyanatından sitat gətirir.
Kanadanın paytaxtı Ottavada atışma oktyabrın 22-də çərşənbə günü səhər şəhərinin mərkəzində üç nöqtədə başlayıb: Milli hərbi memorialın yanında, Parlamentdə və onun yaxınlığında, həmçinin Rideau Centre ticarət mərkəzinin yanında.
Hazırda üç nəfər xəsarət alan məlumdur. Polis digər şübhəli şəxslərin axtarışını aparır, şəhərin mərkəzi mühasirəyə alınıb. Şəhər sakinlərinə pəncərələri açmamaq və damların üstünə çıxmamaq tövsiyə olunub, çünki ehtimal edilir ki, basqınçılar evlərin damlarında gizlənə bilərlər.