Azərbaycan, Bakı, 27 noyabr /Trend/
Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün təmin olunması üçün xeyli vəsait lazımdır. Həmin vəsait əsasında Ermənistanın gömrük və digər sahələrdə reqlamentlərin, eləcə proqram təminatının Aİİ tələblərinə uyğunluğu təmin edilməlidir. Trend xəbər verir ki, bu barədə "Epress.am" nəşri "Aykakan Jamanak" qəzetinə istinadən xəbər verir.
Nəşr yazır: "Bəzi qiymətləndirmələrə görə, ilkin mərhələdən rəsmi üzvlüyə qədər bu işlərin həyata keçirilməsi üçün ilkin olaraq 70 milyon dollar lazımdır, bunun böyük hissəsi, yəni təxminən 40 milyon dolları Aİİ-yə üzv ölkələr, əsas isə Rusiya təqdim etməli idi. Bir neçə ay davam edən danışıqlardan sonra Maliyyə Nazirliyi bu pulun alınacağına ümid etmir".
Qəzetin mənbələri bildirirlər ki, tezliklə ölkə hökuməti göstərilən 40 milyon dolların başqa mənbədən alınması məsələsini müzakirə edəcək: "Hələlik heç bir mənbə yoxdur, üzvlüyə isə cəmi bir ay qalıb".