Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:30-da yayılıb)
Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi atəşə tutulub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Le Parisien" qəzetinə istinadən xəbər verir.
Naməlum şəxslər ofisin binasına avtomat silahlardan atəş açıblar.
"i-Télé" telekanalı həlak olanların olduğuna dair məlumat yayıb.
Hadisə nəticəsində 12 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Ölənlərin ikisi polis, 4-ü isə jurnalın rəssamı olub.
Fransa Prezidenti Fransua Olland hadisənin baş verdiyi əraziyə baş çəkib.
Yelisey sarayının məlumatına görə, tezliklə hökumətin təcili iclasının keçiriləcəyi gözlənilir.
"Frans Press" agentliyinin məlumatına görə, "Charlie Hebdo" həftəlik jurnalının redaksiyasının atəşə tutulması ilə əlaqədar Fransanın paytaxt regionunda terror təhlükəsi səviyyəsi ən son həddə çatdırılıb.
Baş nazirin aparatından agentliyə bildiriblər ki, Fransa hökumətinin başçısı Manuel Vals bütün İl-de-Frans regionu ərazisində terror təhlükəsi səviyyəsini ən yüksək həddə çatdırmaq barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl "Charlie Hebdo" jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi.