Azərbaycan, Bakı, 20 iyul /Trend/
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.
Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb.
İlkin məlumata görə, hadisə yerində ən azı 10 nəfər ölüb, xeyli sayda yaralı var.
Hadisənin baş vermə səbəbləri ilə bağlı hələlik rəsmi qurumlar açıqlama verməyib. İlkin versiyalara görə, partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.
x x x
"Milliyyət" qəzetinin məlumatına görə, terror aktının baş verməsi ilə bağlı verilən açıqlamada bildirilir ki, 25 nəfər ölüb, 100-dən artıq yaralı var.
x x x
"Hürriyyət" qəzetinin yazdığına görə, hadisə yerində olan rəsmi qurumların nümayəndələri açıqlayıb ki, terror aktının mərkəzdəki gənclərin içərisinə daxil olmuş İŞİD tərəfdarı 18 yaşlı qadın kamikadze tərəfindən törədildiyi ehtimal olunur.
x x x
"TRT Haber" telekanalının hadisə ilə bağlı verdiyi məlumata görə, terror aktında 27 nəfər ölüb.
x x x
"TRT Haber" telekanalının hadisə yerindən verdiyi məlumatda bildirilib ki, Şanlıurfa vilayətinin valisi açıqlama verib ki, hadisədə xəsarət alaraq xəstəxanalara yerləşdirilən yaralıların bir çoxunun vəziyyəti çox ağırdır. Bildirilib ki, bu isə terror aktının baş verməsi nəticəsində ölü sayının artacağını ehtimal edir.
Qeyd edək ki, hadisə yerində çoxsaylı təcili-tibbi yardım briqadalarının olduğu və vətəndaşlara ilkin tibbi yardımlar göstərildiyi bildirilir.