...

Türkiyə Baş Qərargahı: Suriyadakı vəziyyət Türkiyənin təhlükəsizliyinə ciddi təhdiddir (ÖZƏL)

Dünya xəbərləri Materials 6 Oktyabr 2015 13:48 (UTC +04:00)
Türkiyə təhlükəsizliyinə qarşı istənilən təhdidləri aradan qaldırmaq üçün tədbirlər görməyə hazırdır.
Türkiyə Baş Qərargahı: Suriyadakı vəziyyət Türkiyənin təhlükəsizliyinə ciddi təhdiddir (ÖZƏL)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə təhlükəsizliyinə qarşı istənilən təhdidləri aradan qaldırmaq üçün tədbirlər görməyə hazırdır. Bunu Trend-ə müsahibəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə sərhədləri yaxınlığında "İslam dövləti"nin (İD) fəaliyyəti ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir: "Suriya və İraqda qeyri-sabitlikdən istifadə edən Kürd Fəhlə Partiyası və onun Suriya qolu - Demokratik Birlik Partiyası - kimi terror təşkilatları məqsədlərinə çatmaq istəyirlər. Türkiyə beynəlxalq hüquq və Suriyanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində İD-ə qarşı vuruşan koalisiya qüvvələrinə dəstək göstərir".

H.Akar qeyd edib ki, Türkiyə bu məqsədlər üçün İD-ə qarşı mübarizədə koalisiya qüvvələrinə hava məkanını və bir sıra bazalarını açıb: "Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-in mövqelərinə hava zərbələri endirməkdə fəal iştirak edir. Türkiyə həmişəki kimi terrorun bütün növünə qarşı qətiyyətli mübarizəni davam etdirəcək".

Baş Qərargah rəisi əlavə edib ki, Türkiyə bu çərçivədə demokratik və çox mədəniyətli Suriyanın formalaşdırılması üçün səy göstərir: "Bu günədək Türkiyə xarici silahlılarla mübarizə çərçivəsində 20 min əcnəbinin ölkəyə girişinə qadağa qoyub. 2011-2015-ci illərdə xarici silahlılarla mübarizə çərçivəsində Türkiyə dünyanın 85 ölkəsindən gəlmiş 2100 nəfəri deportasiya edib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Suriyaya qanunsuz girişin qarşısını almaq üçün bu ölkə ilə uzunluğu 911 kilometr olan sərhəddi möhkəmləndirib. Sərhəddə 25 min hərbi kontingent göndərilib".

Onun sözlərinə əsasən, Türkiyə Suriya böhranının başlaması ilə humanitar aspektə xüsusi əhəmiyyət verərək böhranın tezliklə həlli ilə bağlı təkliflərlə çıxış edib: "Türkiyə bu kontekstdə Suriyalı qaçqınlara qarşı "açıq qapı" siyasəti yürüdərək onların arasında etnik, dini və konfessiya ayrı-seçkiliyi qoymayıb.

H.Akar diqqətə çatdırıb ki, Türkiyədə suriyalı qaçqınlar üçün hər cür şərait yaardılıb. O vurğulayıb ki, ölkədə bu dövr ərzində suriyalı qaçqınlar 9 milyon tibbi müayinədən keçiblər, 280 min tibbi əməliyyat aparılıb, eləcə də 66 min suriyalı anadan olub. Türkiyədə 230 min suriyalı uşağa təhsil verilib, ilin sonunadək isə ölkədə daha 460 min suriyalı uşaq təhsil almağa başlayacaq. Dünya ictimaiyyəti suriyalı qaçqınlara 420 milyon dollar xərclədiyi halda, Türkiyə onlara təqribən 7 milyard dollar xərcləyib".

Hazırda Türkiyə ərazisində 2 milyondan çox suriyalı qaçqın var. Türkiyədə qaçqınlar düşərgəsində təqribən 300 min nəfər yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti