Bakı. Trend:
Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında 110 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan təxminən 20-si hüquq-mühafizə orqanları əməkdaşlarıdır.
Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.