Bakı. Trend:
Türkiyənin müdafiə sənayesini təmsil edən MKE AŞ (Makine ve Kimya Endüstrisi Anonim Şirketi) ən sərt NATO standartlarına cavab verən "Yavuz" özüyeriyən artilleriya qurğusunun ixrac etməyə hazırlaşır.
Trend yerli KİV-ə istinadla xəbər verir ki, modifikasiya edilmiş 6x6 yük maşını şassisinə quraşdırılan haubitsa zirehli kabinlə təchiz edilib. Sistemin atəşə hazırlanması təxminən bir dəqiqə, mövqenin dəyişdirilməsi isə 2 dəqiqə çəkir.
Bu 155 mm/52 kalibrli yedəkli haubitsa artıq Türkiyə hərbi əməliyyatlarında özünü uğurla sübut edib. Qurğunun ekipajı beş nəfərdən ibarətdir.
MKE AŞ şirkətinin qurğusu hərəkətlilik və artilleriyanın uzaq məsafələrə daşınması ilə bağlı problemləri həll edir. "Yavuz"-un maksimal sürəti 90 km/saatdır.
Haubitsa 155 mm NATO standartı da daxil olmaqla üç müxtəlif növ sursat üçün nəzərdə tutulub. Mod 274 mərmisinin atəş məsafəsi 40 km-ə çatır. Hazırda şirkət atış məsafəsini iki dəfə artırmaq istiqamətində işlər aparır.