Bakı. Trend:
Amerikalı milyarder İlon Mask “Tesla”nın 3,6 milyard dollar dəyərində olan 22 milyon səhmini satıb.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar Komissiyası (SEC) məlumat yayıb.
Məlumata görə, Mask “Tesla”nın səhmlərini bazar ertəsindən başlayaraq satmağa başlayıb. Satış zamanı şirkətin səhmlərinin hər birinin qiyməti 156 dollardan 176 dollara qədər olub.
Noyabrın 22-də “Bloomberg” agentliyi İlon Maskın sərvətinin 2022-ci ilin əvvəlindən 100 milyard dollardan çox azaldığını bildirib. Təkcə noyabrın 21-də o, 8,6 milyard dollar itirib. Bu, “Tesla” səhmlərinin son iki ildə ən güclü şəkildə minimuma enməsi ilə bağlı olub.
Bundan əvvəl Mask “Tesla”nın 4 milyard dollar dəyərində 19,5 milyon səhmini satmışdı. Eyni zamanda, “Tesla”nın səhmləri oktyabrın sonundan bəri 15,04% ucuzlaşıb.