Bakı. Trend:
Çin tətbiqi TikTok-un populyarlığı Vaşinqtonda narahatlığa səbəb olur.
Trend xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib. Onun sözlərinə görə, TikTok ABŞ-ın milli təhlükəsizliyinə real təhlükə yarada bilər: "Düşünürəm ki, bu tətbiq hökumət üçün əsl narahatlıqdır. Mən məmurların çoxunun fikrini bölüşürəm. Tik-Tok Çin tətbiqidir və bu, o deməkdir ki, Çin hökuməti asanlıqla ABŞ-dan olan istifadəçilərin məlumatlarına daxil ola, sosial şəbəkədəki məzmuna nəzarət edə bilər".
Bundan əvvəl ABŞ Senatı TikTok-un federal hökumətin elektron cihazlarına quraşdırılmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Tətbiqdən istifadə Corciya, Texas, Alabama, Şimali və Cənubi Dakota ştatlarında qadağan edilib.