Bakı. Trend:
Türkmənistan və Özbəkistan Türkmənistan təbii qazının Özbəkistana tədarükünə dair yeni sazişlə bağlı razılığa gəliblər.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkmənistanın paytaxtı Aşqabadda nazirlər şurasının neft və qaz üzrə məsul müavini Batır Amanov və Özbəkistanın energetika naziri Curabek Mirzamahmudov arasında keçirilən görüşdə müvafiq razılıq əldə olunub.
Danışıqlar zamanı tərəflər enerji sahəsində əməkdaşlığın gücləndirildiyini bildiriblər. Tərəflər müxtəlif səviyyələrdə, xüsusilə enerji sektorunda əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu kontekstdə bu il Türkmənistan, Tacikistan və Özbəkistan prezidentlərinin üçtərəfli sammitində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xüsusi diqqət yetirilib.
Bundan əlavə, Türkmənistanın enerji resurslarının xarici ölkələrə, xüsusən də qonşu ölkələrə çatdırılması üçün çoxşaxəli sistemin yaradılmasının intensivləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Özbəkistanın “UzGasTrade” şirkəti ilə “Türkmənqaz” Dövlət Müəssisəsi arasında ildə iki milyard kubmetrə qədər türkmən qazının tədarükünə dair qısamüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Türkmənistandan tədarük olunan qaz Özbəkistanın daxili ehtiyaclarına, o cümlədən əhalinin artan tələbatının ödənilməsinə, iqtisadiyyatın sahələrinə və nəqliyyat vasitələrinə sərf olunacaq.