Bakı. Trend:
Misir Rafah yaşayış məntəqəsində Qəzza sektorundan qaçanlar üçün düşərgələr yaratmağı təklif edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, təklifə əsasən, Misirlə sərhəddən üç kilometr məsafədə yerləşəcək düşərgələrə nəzarət Qahirə tərəfindən həyata keçiriləcək.
Qəzza sakinlərinin Sinay yarımadasına buraxılmasına qarşı çıxan Misirin hakimiyyət orqanları düşərgəyə gələn köçkünlərə Fələstin ərazisində təcili yardım göstərəcək.
Qeyd edilib ki, humanitar yüklərin Əl-Əriş şəhəri və “Rafah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza sektoruna çatdırılmasını Qətər, Misir və ABŞ koordinasiya edir. Bu həftənin sonuna və ya maksimum gələn həftənin əvvəlinədək Qəzza sakinlərinə humanitar yardım daşıyan 100 yük maşınının Fələstin eksklavına çatdırılması planlaşdırılır.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.