...

Qazaxıstan Orta Dəhlizin çatışmazlıqlarının aradan qaldırılması üçün tədbirlər görür - Nəqliyyat nazirinin müavini (ÖZƏL)

Dünya xəbərləri Materials 1 Aprel 2024 11:40 (UTC +04:00)
Qazaxıstan Orta Dəhlizin çatışmazlıqlarının aradan qaldırılması üçün tədbirlər görür - Nəqliyyat nazirinin müavini (ÖZƏL)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) çatışmazlıqlarının aradan qaldırılması üçün tədbirlər görür.

Bu barədə Trend-ə Qazaxıstanın nəqliyyat nazirinin müavini Satcan Ablaliyev Bakıda keçirilən 2-ci Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının 2-ci iclası çərçivəsində deyib.

"Orta Dəhliz ölkələrimizin qarşılıqlı fəaliyyəti və Çindən gələn yüklərin Avropaya çıxışı baxımından çox vacib nəqliyyat marşrutudur. Bu marşrutun ötürücülük qabiliyyətinin genişləndirilməsi baxımından çatışmazlıqların aradan qaldırılması, eləcə də dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün müxtəlif tədbirlər görürük", - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti artıq TBNM ilə yük daşımalarını artırmaq üçün ikinci yolların tikintisi üzrə bir sıra layihələr həyata keçirməyə başlayıb.

"Həmçinin Çinlə sərhəddə yeni yol inşa etməyə başlamışıq. Bu tədbirlər çatışmazlıqların aradan qaldırılması üçün görülür. Almatı şəhərində yolu təxminən bir sutka qısaldan dolama dəmir yolu tikilir. Bundan başqa, avtomobil yol nəqliyyatı sahəsində bir çox layihələr həyata keçirilir. Dəmir yolları ilə yanaşı avtomobiil yollarının inkişaf etdiyini görürük. Bu səbəbdən bir sıra yolların texniki kateqoriyasının genişləndirilməsi üzərində çalışırıq", - deyə S.Ablaliyev qeyd edib.

Bundan başqa, nazir müavini Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında dəhlizlə daşınmalar üçün vahid pəncərə təmin edəcək birgə müəssisənin yaradılacağını qeyd edib.

"Müəssisə bu il işə salınmalıdır. Bu, iş adamları üçün dəhlizlə malların daşınmasında böyük rahatlıq yaradacaq. Həmçinin Orta Dəhlizin rəqəmsallaşması istiqamətində işlər görülür. Biz bütün fiziki və qeyri-fiziki maneələri aradan qaldırmaq və sənədləşdirməni maksimum yerləşdirmək istəyirik", - deyə S.Ablaliyev əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti