...

Mart ayında Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2 milyonu keçib

Dünya xəbərləri Materials 10 Aprel 2024 12:56 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin mart ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 2 milyon 232 min 956 nəfər olub.

Trend-in TurkicWorld-ə istinadən xəbər görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq 1 milyon 619 min 732 nəfər, beynəlxalq reyslər üzrə isə 41 faiz artaraq 613 min 244 nəfər təşkil edib.

2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 29 min 216 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 19 min 62 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 10 min 153 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 8 faiz artaraq, 15 min 176 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq 10 min 819, beynəlxalq reyslər üzrə isə 34 faiz artaraq 4 min 357 olub.

Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon 966 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti