Bakı. Trend:
Fransada əczaçıların tətili səbəbindən bu gün apteklərin təxminən 90 faizi bağlanıb. Bu, son on ildə əczaçıların ölkədə keçirdiyi ən böyük aksiyadır.
Trend Franceinfo radiosuna istinadən xəbər verir ki, tətil iki həmkarlar ittifaqı - Əczaçılar Federasiyası (FSPF) və Birləşmiş Əczaçılar Birliyi (USPO) tərəfindən təşkil olunub.
Təşkilatçıların sözlərinə görə, mayın 30-da ölkədəki 20 min 500 aptekin təxminən 18 mini bağlı qalacaq. Aksiya iştirakçıları hökumətdən dərman qıtlığı ilə mübarizə planını, həmçinin əmək haqlarının artırılmasını tələb edirlər.
Fransa Regional Səhiyyə Agentliyinin (ARS) məlumatına əsasən, tətil Bretan regionundakı apteklərin 80 faizinə, Korsika adasındakı apteklərin 90 faizinə, Nitsa və Avinyon kimi bəzi şəhərlərdəki apteklərin isə hamısına təsir edəcək. Eyni zamanda, gecə növbəsində işləyən apteklər açıq qalacaq.