Bakı. Trend:
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
Trend xəbər verir ki, şiddətli fırtına və leysan yağışları nəticəsində kiçik çaylar məcrasından çıxıb.
Güclü külək ağacları və reklam lövhələrini avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb. Yüksək dağlıq ərazilərdə torpaq sürüşməsi baş verib, bəzi yollar bağlanıb.
Milan şəhərində güclü külək və dolu yağışı avtomobillərə maddi ziyan vurub. Komo gölünün bəzi hissələrində suyun səviyyəsi artıb.
Ölkə meteoroloji cəhətdən ikiyə bölünüb. Belə ki, İtaliyanın mərkəzi və cənub regionlarında Afrikadan qaynaqlanan anomal istilər müşahidə olunur. Səhiyyə Nazirliyi iyulun 13-ü və 14-də anomal istilərlə əlaqədar olaraq paytaxt Roma ilə yanaşı, Ankona, Bolonya, Kampobasso, Florensiya, Frozinone, Latina, Perugia, Peskara, Rieti və Viterbo şəhərləri üçün “qırmızı” xəbərdarlıq elan edib.